Читать онлайн книгу "Yerin mərkəzinə səyahət"

Yerin mərkəzinə səyahət
Jül Vern


Dünya ədəbiyyatından seçmələr
Yerin mərkəzinə qədər uzanan vulkanik dəliklərin mövcudlluğunu öyrənən məşhur alim dərhal ekspedisiya təşkil edir. Bu səyahət zamanı ekspedisiya üzvləri qeyri-adi hadisələrlə qarşılaşırlar.





Jül Vern

Yerin mərkəzinə səyahət





1


1863-cü il may ayının iyirmi dördündə dayım professor Otto Lidenbrok sürətli addımlarla öz evinə tərəf gedirdi. Onun evi Hamburqun ən qədim məhəllələrindən birində, Kral küçəsində yerləşirdi.

Professor evinə tez qayıtdığı üçün qulluqçumuz Marta fikirləşdi ki, yəqin, naharı hazırlamaqda gecikib, çünki plitədəki sup hələ bişməmişdi.

"Dayım səbirsiz adamdır, – öz-özümə düşündüm, – əgər acdırsa, indicə aləmi bir-birinə qatacaq".

– Cənab Lidenbrok gəldi! – Marta qonaq otağının qapısını azacıq aralayıb dedi.

– Hələ saat iki olmayıb axı, – Martaya dedim. – Kilsə saatları indicə ikinin yarısını vurdu.

– Bəs onda cənab Lidenbrok niyə tez qayıtdı?

– Yəqin ki, səbəbini izah edər.

– Bu da o. Mən qaçdım, cənab Aksel, siz onu sakitləşdirməyə çalışın.

Marta mətbəxə qayıtdı, mən tək qaldım. Qəzəblənmiş professoru sakitləşdirmək mənim kimi bir az zəif xarakterli adamın işi deyildi. Buna görə də yuxarıya – öz otağıma çıxmağı qərara aldım. İçəri təzəcə girmişdim ki, giriş qapısının cırıltısını eşitdim, evin sahibi cəld öz iş kabinetinə keçdi.

Gedə-gedə əsasını bir küncə qoyub şlyapasını stolun üstünə atdı və ucadan qışqırdı:

– Aksel, bura gəl!

Cəld əsəbiləşmiş dayımın kabinetinə qaçdım.

Dayım Otto Lidenbrok İohanneumda professor idi və mineralogiyadan mühazirələr oxuyurdu. Həftədə iki-üç dəfə hövsələdən çıxırdı. Yox, tələbələrin mühazirələrə vaxtında gəlib-gəlməmələri, ona diqqətlə qulaq asıb-asmamaları, dərslərə hazırlaşıb-hazırlaşmamaları onu maraqlandırmırdı. Onun mühazirələri fərdi səciyyə daşıyırdı. O, başqaları üçün yox, özü üçün oxuyurdu. Bu, əsl bilik xəzinəsi, eqoist bir alim idi. Almaniyada bu cür professorlar çoxdur.

Ancaq dayımın, təəssüf ki, nitq söyləmək qabiliyyəti yox idi. Mühazirə deyərkən tez-tez sözünə ara verməli olurdu. Qəliz sözləri, terminləri tələffüz edərkən yanılmamağa çalışırdı. Məlumdur ki, mineralogiya elmində belə çətinliklə tələffüz edilən terminlər kifayət qədərdir. Bəzən yadından çıxan hər hansı bir söz dilinin ucunda fırlanırdı. Onun tez-tez özündən çıxmasının səbəbi də bu idi.

Şəhər camaatı dayımın bu zəif cəhətini bilir, bundan sui-istifadə edirdi. Onu qəsdən cırnadır, hövsələdən çıxarırdılar. Lidenbrokun mühazirələrində az adam da iştirak edirdisə, bu o demək idi ki, onların çoxu professorun hirslənməyindən ləzzət almaq üçün gəlib.

Lakin bütün bu çatışmazlıqlarına baxmayaraq dayım əsl alim idi. İstənilən mineralı səhvsiz təyin edir, onu dövrümüzdə elmə məlum olan altı yüz növ mineralın içində düzgün təsnif edirdi. Bir sıra elmi cəmiyyətlərin üzvü idi. Onun rəyləri ilə hesablaşırdılar. Dövrünün bir sıra görkəmli alimləri ilə görüşmüş, fikir mübadiləsi aparmışdı.

Xarici görünüşünə gəldikdə isə əlli yaşında, ucaboy, arıq, ancaq güclü orqanizmi olan, yaşından on il cavan görünən bir kişi idi. Uzun, nazik burnu itilənmiş xəncərə bənzəyirdi. Yeriyəndə coşqun təbiətli adamlara xas olan bir tərzdə yumruqlarını sıxırdı.

Alman professoru üçün dayım nisbətən varlı hesab olunurdu. Yaşadığı ev içindəkilərlə birlikdə onun şəxsi mülkiyyəti idi. Ailəmiz dayımla məndən savayı, onun on yeddi yaşlı xaç qızlığı Qretxendən, bir də qulluqçu Martadan ibarət idi. Mən onun yetim qalmış bacısı oğlu və apardığı elmi təcrübələrdə əsas köməkçisiydim. Onu da etiraf edim ki, geologiya ilə məşğul olmaq xoşuma gəlirdi. Qiymətli daşların arasında heç vaxt darıxmırdım.

Beləliklə, Kral küçəsində yerləşən evin sahibinin coşqun xarakterinə baxmayaraq onunla birlikdə xoşbəxt yaşamaq mümkün idi. Dayım mənimlə bir az kobud davransa da, məni çox istəyirdi. Buna görə də ona tabe olmaqdan, dediklərinə əməl etməkdən başqa yolum yox idi. Bu fikirlərlə də onun kabinetinə tələsdim.




2


Kabinet əsl muzey idi. Burada mineralogiyaya dair bütün nümunələr toplanmışdı. Hər birinin üzərində adı yazılmış bu nümunələr müxtəlif bölmələr üzrə düzülmüşdü. Bu mineralların çoxunun adları mənə də tanış idi.

Ancaq indi içəri girərkən fikrim dayımın yanındaydı. O, məxmər çəkilmiş kreslosunda oturub əlində tutduğu qədim əlyazma kitaba heyrətlə baxırdı.

– Kitab belə olar! – deyə səsləndi.

Bilirdim ki, professor kitab həvəskarıdır, ancaq kitab onun gözündə o zaman dəyərli olurdu ki, o ya çətin tapılır, ya da özündə mühüm bir elmi sirr gizlədirdi.

– Buna bax, Aksel, – o dedi. – Bu, əvəzsiz bir xəzinədir, onu bu səhər dükandan almışam.

– Heyrətamizdir! – deyə yalançı heyrətlə onun sözünü təsdiq etdim.

– Hələ sən bunun cildinə bax! Gör kitab necə asanlıqla açılır! Üz qabığı da, səhifələri də yerindədir. Əladır!

– Bəs bu gözəl kitabın adı nədir? – deyə soruşdum.

– Kitabın adı "Xeyms-Krinql"dir, onu on ikinci əsrdə yaşayan Snorre Turleson adlı məşhur island yazıçısı yazıb. İslandiyanı idarə edən Norveç konunqları[1 - Konunq – qədim skandinavlarda əsilzadə və sərkərdə] haqqındadır. Özü də tərcümə deyil, təmiz island dilində yazılıb.








– Gör nə gözəl şriftdir! – deyə yenə kitabı yalandan təriflədim.

– Ay səfeh Aksel, nə şrift? Bu, runalarla – bir zamanlar İslandiyada istifadə olunan işarələrlə yazılmış əlyazmadır.

Birdən kitabın içindən yarıçürük bir perqament düşdü. Dayım əyilib onu götürdü və diqqətlə baxmağa başladı. Bu perqament onun nəzərində mühüm tarixi bir sənəd idi.

– Bu nədir? – dayım eynəyini yuxarı qaldırıb ucadan səsləndi. – Bu işarələr Snorrenin əlyazmalarına oxşayır. Bəs… onların mənası nədir?

Onun barmaqlarını əsəbi tərzdə tərpətməyindən anladım ki, yazılanlardan heç nə başa düşməyib.

– Hər halda, bu, qədim island dilidir, – o, burnunun altında mızıldandı.

Əlbəttə, professor Lidenbrok bu dili bilməliydi, axı o həm də gözəl dilçiydi. O, dünyada mövcud olan bir çox dillərdə və dialektlərdə gözəl başa düşür və bu dillərin böyük hissəsində sərbəst danışırdı.

Dayım get-gedə hövsələdən çıxmağa başlayırdı ki, saat iki tamam oldu. Marta içəri girib naharın hazır olduğunu xəbər verdi.

– İstəmirəm! – deyə professor acıqla dilləndi.

Marta qaçıb getdi, mən də onun dalınca. Bir müddət gözlədim. Professor gəlib çıxmadı. Yeməyi təzəcə qurtarmışdım ki, birdən ucadan danışıq səsi eşitdim.

Stoldan aralanıb bir sıçrayışla özümü dayımın kabinetinə saldım.

Dayım alnını qırışdırıb öz-özünə danışırdı. Məni görcək stolu göstərib:

– Otur burda, yaz, – dedi.

Mən bir göz qırpımında hazır oldum.

– İndi mən sənə bizim əlifbanın island işarəsinə uyğun gələn hər bir hərfini diktə edəcəyəm. Amma çalış səhv eləmə ha!

Mən yazmağa başladım. Qurtaranda anlaşılmaz sözlərdən ibarət olan cədvəl yarandı.

Dayım kağızı məndən alıb gözdən keçirməyə başladı.

– Bu nə deməkdir? – öz-özünə dedi. – Şübhəsiz, burada böyük bir məna gizlənir. Sadəcə onu aşkara çıxarmaq lazımdır. Ola bilsin ki, burada böyük bir kəşfə işarə edilir, ya da onu kəşf etməyin yolları göstərilir.

Sonra kitabı və perqamenti götürüb müqayisə etməyə başladı.

– Bu yazılar eyni əllə yazılmayıb, – dedi. – Şifrlənmiş yazı kitabdan xeyli sonra yazılıb. Əlyazma ilə sənəd arasında, ən azı, iki yüz il fərq var. Aydın məsələdir ki, kitab əldən-ələ keçib. Belə çıxır ki, sirli yazını kitabın sahiblərindən biri yazıb. Bəs bu adam kimdir, lənət şeytana? Görəsən, əlyazmanın səhifələrində adını yazmayıb ki?

Dayım eynəyini yuxarı qaldırdı, zərrəbini götürüb kitabın ilk səhifələrini səylə gözdən keçirdi. İkinci səhifədə mürəkkəb ləkəsinə bənzəyən bir şey vardı. Ancaq diqqətlə baxanda bir neçə silinmiş işarəni ayırd etmək olurdu. Dayım başa düşdü ki, əsas diqqəti elə buraya yönəltməlidir, bir az çalışandan sonra, axır ki, oxuya bildi:

– Arne Saknussem! – təntənəylə dedi. – Bu ki on altıncı əsrdə yaşayan məşhur əlkimyaçının adıdır.

Mən təəccüblə dayıma baxdım. O, sözünə davam etdi:

– Niyə də olmasın? Məgər Saknussem kimi bir alim kəşf edə bilməzdi? Ancaq burası da maraqlıdır ki, öz kəşfini şifrləməkdə nə məqsəd güdürmüş? Sənəd yüz otuz iki hərfdən ibarətdir. Burada yetmiş doqquz samit və əlli üç sait var. Belə çıxır ki, biz cənub dillərindən biriylə qarşılaşmışıq.

Onun gəldiyi nəticə doğru idi.

– Saknussem alim olduğu üçün öz doğma dilində yox, təbii ki, o dövrün ziyalıları arasında geniş yayılmış latın dilində yazırdı. Deməli, bunun latın dili olduğuna heç bir şübhə yeri qalmamalıdır. Biz bir az tər töküb bu şifri aça bilərik. Yeri gəlmişkən, sən latın dili üzrə mütəxəssissən. Bizə şifrin açarını əldə etmək lazımdır. Açarı əldə etsək, onu asanlıqla oxuyacağıq. Aksel, fikrin haradadır?

Mən bu suala cavab vermədim. Baxışlarım Otto Lidenbrokun xaç qızlığı Qretxenin portretinə yönəlmişdi. Qız indi qohumlardan birinin evinə getmişdi və mən ondan ötrü bərk darıxırdım. Etiraf edim ki, uzun müddət idi bir-birimizi təmiz məhəbbətlə sevirdik. Amma dayımın bu sevgidən xəbəri yox idi. Biz ondan xəbərsiz nişanlanmışdıq. Fikirləşmişdik ki, özünü elmə həsr etmiş bir geoloq bizim hisslərimizi başa düşməz. Qretxen mavigözlü qəşəng bir sarışın idi, ciddi və ötkəm xarakterə malik olması mənə olan sevgisinə heç bir xələl gətirmirdi.

Bu zaman dayım yumruğunu stola çırpıb məni xəyaldan ayırdı:

– Səninlə deyiləm? Məncə, cümlənin mənasını almaq üçün sözləri üfüqi yox, şaquli istiqamətdə yazmaq lazımdır. Görək bundan nə çıxır!

Mən sözləri yuxarıdan aşağı yazdım.

– Yaxşı, Aksel, indi buraya bir cümlə yaz. Ancaq hərfləri beş-beş, altı-altı sütuncuqlar şəklində yaz.

Mən onun dediklərini yerinə yetirdim.

– Əladır, – dayım dedi. – İndi cümləni oxumaq üçün hər sözün əvvəlcə birinci, sonra ikinci, sonra üçüncü hərflərini birləşdir və beləcə də davam et.

Mən böyük heyrət içində cümləni oxudum:

"Səni var qəlbimlə sevirəm, əziz Qretxen!"

Özümdən asılı olmayaraq yazdığım bu cümlə məni axmaq kimi ələ vermişdi.

– O-o-o! – professor dedi. – Deməli, sən Qretxeni sevirsən?

– Hə… Yox… – deyə utana-utana mızıldandım.

– Sən Qretxeni sevirsənmiş! Yaxşı, bu məsələni sonraya saxlayaq. İndi gəl başqa üsullara keçək, – deyə söhbəti dəyişdi.

Dayım bir neçə başqa üsuldan istifadə edib hərfləri mənə müxtəlif formalarda yazdırdı. Amma yenə də hərf yığınından başqa heç bir şey alınmadı. Güclü yumruq zərbəsindən stol silkələndi. Dayım yenə özündən çıxmışdı:

– Lənət şeytana, bu ki cəfəngiyyatdır!

Bunu deyib güllə kimi otaqdan çıxaraq küçəyə düşdü və var gücüylə qaçmağa başladı.

O gedəndən sonra bu qərara gəldim ki, hər şeyi Qretxenə danışım. Amma sonra fikrimi dəyişdim. Birdən dayım geri qayıdar, məni evdə tapmaz, lap əsəbiləşər. Bilirdim ki, dayım bu sirli şifri açmamış bir yerdə otura bilməyəcək. Ən yaxşısı elə evdə qalmaq idi.

Başqa işlə məşğul olmaq istədim. Amma sənəd yadımdan çıxmırdı ki, çıxmırdı. Təzədən onun üzərində işləməyə başladım. Hərfləri iki-iki, üç-üç birləşdirsəm də, bir şey çıxmadı. Ancaq on dörd, on beş, on altıncı hərflərdən ingilis sözü olan "ice" sözünü, daha bir neçə hərfdən isə “sir” sözünü düzəldə bildim. Nəhayət, sənədin düz ortasında bir neçə latın sözünü oxuya bildim. Ardınca bir yəhudi və bir neçə fransız sözünü də aşkar etdim. Müxtəlif dillərə məxsus olan "buz", "cənab", "qəzəb", "qəddar", "müqəddəs meşə", "dəyişkən", "ana", "soğan", "dəniz" sözləri arasında nə əlaqə ola bilərdi?

Birdən elə bil məni ilan vurdu. Qarşımda iki latın sözü dururdu: "craterem", "terrestre"! Çox həyəcanlanmışdım. Özümü ələ alıb sözlərdə gizlənən cümləni başdan-ayağa oxuya bildim. Yox, bu, inanılmazıdır! Doğrudanmı, bu səyahəti eləyən tapılıb…

– Yox, – deyə qışqırdım. – Dayım bunu bilməməlidir! Yoxsa o da həmin yerə səyahət edəcək. Bu cəsur geoloqu sözündən döndərmək mümkün olmayacaq! Professor özü də bu sirri aça bilər. Yaxşısı budur, onun əlinə keçməmək üçün sənədi yandırım!

Buxarıda od yanırdı. Bu vərəqi və Saknussemin perqamentini götürüb oda atmaq istəyirdim ki, otağın qapısı açıldı və dayım içəri girdi.




3


Mən cəld sənədi stolun üstünə qoydum. Professor Lidenbrok üzgün görünürdü. Ehtimal ki, gəzinti zamanı çox baş sındırmış, yeni-yeni üsullar üzərində fikirləşmişdi. O öz kreslosuna əyləşib riyazi hesablamaları xatırladan düsturlar yazmağa başladı.

Mən ona diqqətlə göz qoyurdum. Birdən sirri aşkar elədi, onda necə?

Dayım üç saat ərzində dayanmadan çalışdı, nə başını qaldırdı, nə bir kəlmə söz dedi. Mən yaxşı bilirdim ki, o bu hərflərdən bütün mümkün birləşmələri düzəltsə, axtarılan cümləni əvvəl-axır tapa bilərdi. Bu yazıda isə yüz otuz iki hərf vardı, bu hərflərdən o qədər söz birləşməsi düzəltmək olardı ki, sayı-hesabı bilinməzdi.

Vaxt keçdi, gecə düşdü. Küçələrin səs-küyü kəsildi. Dayım hələ də tapşırığın həlliylə məşğul idi. Qulluqçu Marta qapını açıb şam yeməyini yeyib-yeməyəcəyi barədə soruşanda da heç bir cavab vermədi. Marta çıxıb getdi. Mənsə divanda uzanıb yuxuyla mübarizə aparırdım. Amma bunun heç bir faydası olmadı. Yuxu məni apardı.

Səhər oyananda yorulmaz tədqiqatçının hələ də iş başında olduğunu gördüm. Gözləri qızarmış, saçları dağılmışdı. Rəngi qaçmış üzündə ləkələrin əmələ gəlməsi məqsədinə çatmaq üçün gərgin inadla çalışdığından xəbər verirdi.

"Yox, ona heç nə deməyəcəyəm, – ürəyimdə dedim. – Onu tanıyıram, bu səyahətə mütləq gedəcək, heç kəs onu sözündən döndərə bilməz. Başqa geoloqların eləmədiklərini etmək üçün həyatını təhlükəyə atmağa da hazırdır. Professora məlumat vermək onun məhvinə bais olmaq deməkdir. Qoy bacarırsa, özü tapsın".

Mən qərarımı verib gözləməyə başladım. Ancaq tezliklə Marta bazara getmək istəyəndə məlum oldu ki, qapı bayırdan açarla bağlanıb. Əlbəttə, onu axşam gəzintidən qayıdan dayım bağlaya bilərdi. Doğrudanmı o bizi ac saxlamaq fikrinə düşmüşdü? Bəli, belə də olmalıydı. Mən buna bənzər bir hadisəni xatırladım. Bir neçə il əvvəl dayım mineralların təsnif edilməsi üzərində işləyərkən bir dəfə düz qırx səkkiz saat heç nə yeməmiş, biz də onunla birlikdə ac qalmışdıq.

Mən başa düşdüm ki, səhər yeməyi də şam yeməyi kimi ləğv ediləcək. Yazıq Marta bərk həyəcanlanmışdı. Mən əzablara qəhrəmancasına dözməyə hazırlaşırdım. Dayım isə işləməyində idi.

Günortaya yaxın aclıq məni əldən salmağa başladı. Artıq güclə dözürdüm. Mənə elə gəldi ki, sənədi lazım olduğundan da mühüm hesab etmişəm. Dayım dediklərimə inanmayıb onları saxtakarlıq adlandıracaq. Hətta səyahətə çıxası olsa belə, onu bu fikirdən daşındıra biləcəyəm. Bu qədər tərəddüd etməyim mənə gülməli gəldi, sonda hər şeyi danışmağı qərara aldım.

Söhbətə başlamaq istəyirdim ki, professor qalxıb getməyə hazırlaşdı.

– Dayıcan! – deyə onu çağırdım. O, deyəsən, eşitmədi.

– Lidenbrok dayı! – ucadan dedim.

– Nədir? – o, yuxudan oyadılmış adam kimi soruşdu.

– Mən açarı tapmışam.

– Hansı açarı? Qapının açarını?

– Yox, sənədin açarını.

Professor əlimdən yapışdı və sualedici nəzərlə üzümə baxdı.

– Budur o! – qeydlər etdiyim kağız parçasını ona uzatdım. – Oxuyun.

– Axı bunun mənası yoxdur! – o, kağızı büküb etiraz elədi.

– Əgər əvvəldən oxusaq, mənası yoxdur, ancaq axırdan başlasaq…

Mən sözümü bitirməyə macal tapmamış professor bağırdı.

– Ay səni, kələkbaz Saknussem! – dedi. – Deməli, sən cümləni əvvəldən tərsinə yazmısan?

Kağızı qapıb titrək səslə oxumağa başladı. Tərcümə etdikdə mətn bu cür alınırdı:



“Ey cəsur səyyah, iyulun ilk günlərində Skartarisin kölgəsi Snayfelds kraterinə düşür. O zaman bu kraterlə Yerin mərkəzinə enə bilərsən. Mən orada olmuşam, – Arne Saknussem”.


Dayım bu sətirləri oxuyanda ilan vurmuş kimi dik atıldı. Otaqda var-gəl etməyə başladı. Kitabların birini götürüb o birini qoyurdu.

– Saat neçədir? – birdən soruşdu.

– Saat üçdür, – cavab verdim.

– Acından ölürəm. Tez süfrə başına. Sonra mənim çamadanımı yığışdırarsan. Özününkünü də.

– Yaxşı, – dedim.

İnsafsız professor yemək otağına getdi. Bu sözləri eşitcək kürəyimdən gizilti keçdi. Amma özümü ələ aldım. Professor Lidenbroku yalnız elmi dəlillər saxlaya bilərdi. Yerin mərkəzinə səyahət! Ağılsızlığa bax! Bunun əleyhinə çoxlu dəlillər gətirmək olardı. Nahardan sonra bu sübutları professorun qarşısına qoymağı qərara aldım.

Yeməkdən sonra dayımın kabinetinə qayıtdıq. Onun kefi kök idi.

– Aksel, – o, mülayimliklə dedi, – sən ağıllı gəncsən. Mən artıq axtarışlara son qoymaq istəyirdim ki, mənim köməyimə çatdın. Hər şeydən əvvəl səndən dönə-dönə xahiş edirəm ki, bu sirri heç kimə açmayasan. Elm aləmində paxıllar çoxdur, onlar da bizə qoşulub bu səyahətə çıxmaq istəyəcəklər. Halbuki bu səyahətdən yalnız biz geri qayıdandan sonra xəbər tuta bilərlər. Əgər sənədin sirrini bilsələr, Arne Saknussemin ardınca bütöv bir geoloq dəstəsi axışacaq.

– Mən buna əmin deyiləm, dayı, çünki sənədin etibarlılığı sübut edilməyib.

– Bəs tapdığımız kitaba nə deyirsən?

– Tutaq ki, doğrudur. Bəs necə bilmək olar ki, Saknussem bu səyahəti edib? Məgər sənəd saxta ola bilməzmi?

Dayım əvvəlcə qaşlarını çatdı. Sonra gülümsəyib dedi:

– Bunu yoxlayarıq.

– Mənə izah edə bilərsinizmi ki, Snayfelds və Skartaris nədir?

– Qalx, alim dostumun mənə hədiyyə etdiyi xəritəni gətir.

O, xəritəni məndən aldı, stolun üstünə sərib dedi:

– Bu, İslandiyanın xəritəsidir. Onun şərq sahillərinə bax. Bu sahillərin fyord adlı dar körfəzləriylə yuxarı qalxsaq, sümüyə bənzəyən bir yarımada görmək olar. Burada dənizdən yüksələn dağı görürsən? Snayfelds odur. Adanın ən məşhur dağıdır, hündürlüyü beş min futdur[2 - Fut – 30,479 sm-ə bərabər ingilis uzunluq ölçüsü]. Onun kraterindən Yerin mərkəzinə yol gedir.

– Axı bu, mümkün deyil, – deyə etiraz etdim. – Bu krater, yəqin ki, lava ilə doludur, qayaları istidir və…

– Bəs əgər o, sönmüş vulkandırsa? Hazırda Yer kürəsində sönmüş vulkanların sayı fəaliyyətdə olanların sayından xeyli çoxdur. Snayfelds tarixboyu cəmisi bir dəfə püskürüb, sonra yavaş-yavaş sönüb.

– Bəs Skartaris nədir? – soruşdum. – İyulun ilk günləri nəyə lazımdır?

– Məsələ burasındadır ki, Snayfelds dağında bir neçə krater var. İsland alimi görüb ki, iyulun ilk günlərində Skartaris adlı dağ zirvələrindən biri yuxarıda dediyim kraterin üstünə kölgə salır, bu faktı o, sənəddə qeyd edib.

Dayım məğlubedilməz idi. Ancaq mən yenə etiraz etməyə, onu fikrindən daşındırmağa çalışdım:

– Yaxşı, tutaq ki, əlimizdə olan materialların hamısı doğrudur. Saknussem, həqiqətən də, həmin kraterlə Yerin mərkəzinə enib. Ancaq mən onun oradan sağ qayıtmasına inana bilmirəm.

– Hansı əsasla? – dayım istehzayla xəbər aldı.

– Sübut edilmişdir ki, Yerin daxilində istilik hər yetmiş futdan bir bir dərəcəyə yaxın artır. Bu hesabla Yerin mərkəzi sahələrində istilik iki min dərəcədən yuxarıdır. Bu da o deməkdir ki, Yerin təkindəki bütün maddələr odlu-maye və qaz halındadır. Hətta ən möhkəm metallar da bu istiliyə dözə bilməz.

– Səni istilikmi qorxudur? Bunlar müxtəlif nəzəriyyələrdir. Əvvəllər belə güman edirdilər ki, planetlərarası fəzanın temperaturu get-gedə aşağı düşür, ancaq indi bunun düz olmadığı sübut olunub. Ona görə də istiliyin müəyyən bir dərinlikdə təzədən azalması tamamilə mümkündür. Bir dəfə mən məşhur ingilis kimyaçısı Hemfri Deviylə görüşərkən Yerin nüvəsi haqqında nəzəriyyələri müzakirə etdik. O, nüvənin odlu-maye halında olmasını inkar etdi. Bildirdi ki, belə olsaydı, okeana bənzəyən ərgin kütlə Ayın cazibə qüvvəsinin təsirinə məruz qalar və Yerin dərinliklərində qabarma və çəkilmələr baş verərdi. Güclü təzyiq nəticəsində Yer qabığı çatlayar, tez-tez zəlzələlər ola bilərdi. Bu səbəbdən də bu nəzəriyyə sübut edilməyib.

– Bəs biz Yerin daxilinə ensək, orada bir şey görə biləcəyikmi?

– Əlbəttə, elektrik hadisələri bizimçün işıqlanma rolunu oynayacaq. Hətta oradakı atmosfer də yüksək təzyiq nəticəsində işıqlana bilər.

Daha sözüm qalmadı. Təslim oldum.

– Ancaq heç kəsə heç nə demə ha, – dayım təntənəylə dedi. – Yerin mərkəzinə birinci biz enməliyik.




4


Dayımın gətirdiyi dəlillər məni inandırmışdımı, yoxsa təsir altınamı salmışdı? Doğrudanmı professor Lidenbrokun fikirlərinə ciddi yanaşmaq lazımdı? Bunlar bir sərsəmin fantaziyalarıydımı, ya bir dahinin gəldiyi elmi nəticələr idimi?

Çox keçmədi ki, mənim sevimli Qretxenim Hamburqa qayıtdı. Mən ona bir neçə kəlməylə hər şeyi danışdım.

– Bu çox gözəl səyahət olacaq, Aksel, – o dedi. – Bu, alimin bacısı oğluna layiq bir səyahətdir.

– Deməli, sən mənim Yerin mərkəzinə getməyimə etiraz eləmirsən?

– Yox, Aksel, əgər zərif cinsin nümayəndəsi olmasaydım, mən də sizinlə birlikdə gedərdim.

– Ciddi deyirsən?

– Ciddi deyirəm.

Mən nələr eşidirdim? Zərif bir qız mənə təhlükəli səyahətdə iştirak etməyi məsləhət görür. Belə romantik macəralar onu zərrə qədər də qorxutmur. O məni sevsə də, dayımla getməyimi istəyir. Açığını desəm, xəcalət çəkdim.

– Sən sabah fikrini dəyişməyəcəksən ki, Qretxen? – soruşdum.

– Mənim sözüm sözdür, əziz Aksel.

Mən evə gələndə professor artıq səfərə hazırlaşırdı. Qulluqçuya əmrlər verirdi, yazıq Marta başını itirmişdi. Evə müxətlif cihazlar, alətlər, elektrik aparatları daşınırdı.

– Haralarda gəzirsən? – dayım məni görcək dedi. – Gəl, yola hazırlaşmağımıza kömək elə. Birisi gün səhər tezdən yola düşürük.

Dayım səyahət üçün lazım olan bütün avadanlığı almaqla məşğul oldu. Evin həyəti nərdivanlar, məşəllər, külünglər, kərkilər, suqabılarıyla dolu idi. Mən ondan soruşdum:

– Başa düşə bilmirəm, biz niyə tələsirik? Axı indi mayın axırıdır, iyulun əvvəlinə hələ çox var.

– Elə bilirsən İslandiyaya getmək asandır? Paroxod Kopenhagendən Reykyavikə ayda bir dəfə gedir. Biz İslandiyaya çatmaq üçün əvvəlcə gərək Danimarkaya gedək. Əgər geciksək, Skartarisin kölgəsinin Snayfelds kraterinə düşdüyünü görə bilməyəcəyik.

Qretxen mənim əşyalarımı sevinclə hazırlayırdı. Bu səyahəti öz gələcək əri və hamisi üçün böyük bir qələbə hesab edirdi. İnadkar professor isə dostu Danimarka konsulundan tövsiyə kağızı aldı. Bu kağızla biz İslandiya qubernatorluğuna asanlıqla müraciət edə bilərdik.

Elə yorulmuşdum ki, axşam yuxuda dərin uçurum gördüm. Hiss elədim ki, professorun güclü əli məni qaldırıb aşağı tulladı. Sürətlə uçuruma düşməyə başladım və hövlnak yuxudan ayıldım.

Səhər tezdən yola düşdük. Dayım evin idarəçiliyini Qretxenə həvalə etdi. Qretxenlə vidalaşmaq məni mütəəssir elədi.

– Get, Aksel, get, – o dedi. – Sənin damarlarında professor Otto Lidenbrokun qanı axır. O, cəsur alim, qorxmaz insandır. Mən əminəm ki, siz öz məqsədinizə çatıb sağ-salamat geri dönəcəksiniz. Sən adaxlını tərk edirsən, geri dönəndə isə arvadını qarşılayacaqsan.

Onu bağrıma basıb karetə əyləşdim.

Saat yeddinin yarısında vağzalda olduq. Bütün əşyalarımız baqaj vaqonuna yükləndi. Saat yeddi tamamda qatar yola düşdü. Dəniz vağzalı dənizin lap yaxınlığında yerləşirdi. Dayım yüklərimizin paroxoda aparılıb gəmi anbarına yerləşdirilməsini həyəcanla izləyirdi.

Paroxod gecə yola düşdü. Gəmi qaranlığa qərq olmuş sularla sürətlə üzməyə başladı. Saat yeddidə Zelandiyanın şərq sahilində yerləşən kiçik bir şəhərə çatdıq. Burada paroxoddan düşüb təzədən qatara mindik. Üç saatdan sonra Danimarkanın paytaxtına çatmalıydıq. Dayım gecə gözünü də yummadı. Mənə elə gəldi ki, o, səbirsizlikdən ayaqlarıyla qatarı itələməyə də hazırdır.

Nəhayət, səhər saat yeddidə Kopenhagenə çatdıq. Baqajla birlikdə otellərdən birinə yerləşdik. Dayım özünü səliqəyə salandan sonra qapıçıdan Şimala məxsus qədim əşyalar muzeyinin yerini öyrəndi. Bir çox qiymətli əşyalar toplanmış bu muzeyin mühafizi məşhur alim professor Tomson idi. O, Hamburq konsulunun dostuydu.








Dayım konsulun yazdığı tövsiyə məktubunu ona verdi. Təbii ki, səyahətimizin əsl məqsədi barədə ona heç nə demədi. Səfərimizin rəsmi məqsədi adi turistlər kimi İslandiyaya baş çəkmək idi. Cənab Tomson bizi çox yaxşı qarşıladı. Biz onunla dəniz kənarına gedib münasib gəmi axtarmağa başladıq. Axırda iyun ayının ikisi İslandiyaya yola düşəcək bir gəmidə yer aldıq. Kapitan bizə səhər saat yeddidə limanda olmağı tapşırdı. Sonra cənab Tomsona təşəkkür edib şəhəri gəzməyə çıxdıq. Ancaq muzeylər, abidələr, heykəllər, şəhərin görməli yerləri dayımı maraqlandırmırdı. Biz başqa tərəfə, sahildə yerləşən Admirallığa tərəf getdik. Dar küçələrdən keçib Xilaskar məbədinin yanına çatdıq. Məbədin hündür zəng qülləsi professorun diqqətini cəlb etdi, lap yuxarı qalxan dəmir pilləkəni göstərib dedi:

– Gəl qülləyə qalxaq.

– Bəs başhərlənməsi?

– Öyrəşərsən. Başla.

İtaət etməli oldum. Biz yuxarı qalxmağa başladıq. Dayım irəlidə gümrah addımlarla gedirdi. Mən arxada qorxa-qorxa gedirdim, çünki başım hərlənirdi. Əsəblərim professorun əsəbləri kimi möhkəm deyildi. Əvvəlcə hər şey yaxşı getdi. Ancaq zəng qülləsinin meydançasına çataçatda havanın üzümə zərblə çırpıldığını hiss etdim. Buradan pilləkən açıq səma altında qalxır, həm də getdikcə daha ensiz olurdu. Yeganə dayaq onun yüngül məhəccərləriydi.

– Gedə bilmirəm, – qışqırdım. – Gedə bilmirəm!

– Sən bu qədərmi qorxaqsan? Yoluna davam elə! – rəhmsiz professor dedi.

Mən onun pencəyinin ətəyindən yapışmalı oldum. Başımın hərlənməsi gücləndi, əvvəlcə dizi üstə, sonra qarnı üstə sürünməyə başladım. Dayım boynumun ardından tutub məni qüllənin lap qurtaracağına gətirdi.

– İndi aşağı bax, – dedi. – Sən ənginliklərə baxmağı öyrənməlisən!

Gözlərimi açdım. Dumana bürünmüş evlər yastılanmış kimi görünürdü. Mənə elə gəldi ki, başım üzərindəki buludlar tərpənmir, zəng qülləsi də, biz də ağlasığmaz sürətlə uzaqlara şütüyürük. Bir tərəfdə yaşıl tarlalar, digər tərəfdə isə dəniz uzanırdı. Mavi sularda ağ yelkənlər ağarır, lap uzaqlarda isə dumana qərq olmuş İsveç sahilləri gözə dəyirdi.

Mən ayağa qalxıb yenə baxmalı oldum. Başhərlənməsinə aid ilk dərsim düz bir saat çəkdi. Geri qayıdanda tamam yorulub əldən düşmüşdüm.

– Sabah dərsimizi yenə təkrar edəcəyik, – professor dedi.

Mənim “yuxarıdan aşağı baxmaq sənəti”ni öyrənməyim beş gün çəkdi.




5


Yola düşmək vaxtı yetişdi. Cənab Tomson İslandiya baronu və bir sıra digər vəzifəli şəxslərə yazdığı tövsiyə məktubunu dayıma verdi və bizimlə xudahafizləşdi. Səmt küləyi əsirdi, bu da səfərimizin rahat və uğurlu keçəcəyindən xəbər verirdi. Tezliklə Kopenhagen şəhəri görünməz oldu. Bir müddətdən sonra isə gəmi Danimarka sahillərindən uzaqlaşdı və Norveç sahillərinin yaxınlığından keçib Şimal dənizinə çıxdı. Dəniz səfəri on günə yaxın çəkdi. Nəhayət, gəmimiz İslandiyanın cənub sahillərində bir buruna yanaşdı.

Mən dəniz xəstəliyini yüngül keçirdim. Dayım isə özünü pis hiss edirdi.

Biz burunun yaxınlığından keçib köpəkbalığı və balina dəstələrinin arasıyla qərbə tərəf üzdük. Üç saatdan sonra isə gəmi Reykyavik yaxınlığındakı bir körfəzdə lövbər saldı.

Rəngi qaçmış, yorulmuş, ancaq məmnun qalmış professor, axır ki, göyərtəyə çıxdı. Dərhal da mənə buxtanın şimal tərəfində yüksələn dağı göstərdi. Onun daimi qarla örtülmüş zirvəsi iki yerə bölünmüşdü.

– Snayfelds! – ucadan dedi. – Snayfelds!

Sonra əliylə mənə susmağı işarə edib qayığa mindi. Tezliklə biz İslandiya torpağına ayaq basdıq. Bizi adanın qubernatoru şəxsən özü qarşıladı. Professor cənab Tomsonun məktubunu ona verdi və aralarında qısa söhbət oldu. Qubernator bizə hər cür kömək etməyə hazır olduğunu bildirdi. Bizi Fridrikson adlı təbiətşünaslıq müəlliminin evinə yerləşdirdilər. O, island dilindən savayı, latın dilini də bilirdi, xoşxasiyyət adam idi.

– Hə, Aksel, hələlik işlər yaxşı gedir, – professor Lidenbrok dedi. – İndi mən kitabxanaya gedim görüm Saknussemin başqa bir əlyazmasını tapa bilirəmmi. Ondan sorğu kitabçası kimi istifadə edərik.

– Mənsə gedib şəhəri gəzərəm, – deyə evdən çıxdım.

Reykyavikin qəribə mənzərəsi var. Şəhər alçaq və bataqlıq bir dərənin kənarı boyunca uzanır. Bir tərəfdən maili şəkildə dənizə enən donmuş lava təbəqəsiylə əhatə olunub. Digər tərəfdən şimala sarı Snayfeldsin buzlaqları, gəmimizin lövbər saldığı Foksafloi körfəzi yerləşir. Mən Reykyavikin qaranlıq, darıxdırıcı küçələrini gəzdim, şəhərin görməli yerləriylə tanış oldum, əhalisinə göz yetirdim. Kişiləri möhkəm bədənli, amma bir az yöndəmsizdirlər. Qadınların kədərli, ancaq xoşagələn üzləri var. Bu adamların gözləri fikirlidir, sanki burada özlərini insan cəmiyyətindən qovulmuş və həmişəlik buzlar ölkəsində yaşamağa məhkum olunmuş kimi hiss edirlər.

Geri dönəndə isə dayımı artıq ev sahibiylə söhbət edən gördüm. Nahar hazırlanmışdı. Söhbət yerli dildə gedirdi. Amma mənim onları başa düşməyim üçün dayım tez-tez alman, cənab Fridrikson isə latın sözlərindən istifadə edirdi. Dayım kitabxananın elə də zəngin olmadığı barədə ona məlumat verdi. Cənab Fridrikson isə dəlillər gətirməyə başladı ki, kitabxanaları elə də yoxsul deyil. İslandların ədəbiyyata, kitaba böyük marağı var. Burada hər bir peşə sahibi mütaliə ilə məşğuldur.

– Xahiş edirəm, deyin görək, sizə hansı kitab lazımdır? Bəlkə, mən sizə kömək edə bildim.

– Cənab Fridrikson, mən qədim kitabları və Arno Saknussemin əsərlərini necə tapa bilərəm?

– Siz on altıncı əsrin məşhur təbiətşünas alimi, əlkimyaçısı və səyyahınımı nəzərdə tutursunuz?

– Bəli, görürəm onu yaxşı tanıyırsınız.

– Necə tanımaya bilərəm? O, island elminin fəxridir. Ancaq onun əsərləri bizdə yoxdur.

– Necə yəni İslandiyada yoxdur?

– Nəinki İslandiyada, heç yerdə yoxdur.

– Nə üçün?

– Çünki o, kilsə tərəfindən kafir kimi təqib olunmuş və əsərləri Kopenhagendə yandırılmışdır.

– Aha, məsələ aydındır, – professor dedi. – Bu səbəbdən də o öz böyük kəşfini şifrləmişdir.

– Hansı kəşfini? – müəllim xəbər aldı.

Dayım başa düşdü ki, ağzından söz qaçırıb. Tez dedi:

– Bu yalnız mənim fərziyyəmdir. Belə alimlər, adətən, öz kəşflərini gizlədirlər.

– Dünyada hələ nə qədər öyrənilməmiş yerlər – dağlar, vulkanlar, buzlaqlar var; məsələn, uzağa getməyək, götürək elə bu Snayfelds dağını. Bu ən gözəl vulkanlardan biridir. Ancaq onun kraterinə nadir hallarda səfər edirlər.

– O sönübmü?

– Bəli, beş yüz il bundan əvvəl sönüb.

– Deməli belə, – dayım sevincini büruzə verməməyə çalışdı. – Mən fikirləşirəm ki, geoloji tədqiqatlarıma elə bu vulkandan başlayım.

– Yaxşı olardı, ancaq çox təəssüf ki, mən sizinlə birlikdə gedə bilməyəcəyəm. Dərslərim buna imkan vermir.

– Yox, zəhmət çəkməyin, biz heç kəsi narahat etmək fikrində deyilik.

– Bu çox yaxşı fikirdir. Siz orada əla müşahidələr apara və məlumatlar əldə edə bilərsiniz. Bəs Snayfelds dağının yerləşdiyi yarımadaya necə getmək fikrindəsiniz?

– Körfəzlə, ən qısa yolla.

– Bu, mümkün olmayacaq. Çünki indi oraya bircə qayıq da getmir. Siz sahil boyunca, quru yolla getməli olacaqsınız. Uzun olsa da, maraqlı yoldur. Mən sizə münasib bələdçi də qoşaram. O, mahir quş ovçusudur, bu yerləri yaxşı tanıyır. Sabah sizi görüşdürərəm. Ondan razı qalacaqsınız.

– Təşəkkür edirəm, – dayım məmnun halda dedi.




6


Ertəsi gün gəzintidən qayıdanda professorun bələdçimizlə söhbət etdiyini gördüm. Bu, sağlambədənli, ucaboylu bir oğlan idi. Düşüncəli baxışları, ağıllı gözləri vardı. Deyəsən, böyük fiziki gücə malik idi. Ev sahibinin dediyi kimi, mahir qaqara[3 - Qaqara – Şimal dəniz quşu] ovçusu idi. Adı Hans olan bu gənc bizi düz vulkanın ətəyində yerləşən kəndə aparmalı və bizimlə birlikdə Yerin mərkəzinə enməliydi. Bu kəndə təxminən iyirmi iki mil[4 - Mil – coğrafi mil 7420 metrə bərabərdir.] yol vardı. Dayımın hesablamasına görə, biz bu yolu iki günə qət etməliydik.

Səfərə dörd at götürməli olduq. İkisinə dayımla mən mindik, ikisinə isə tayları yüklədik. Hans piyada gedirdi. O bu yerlərə əla bələd idi, söz verdi ki, bizi ən qısa yolla aparacaq. Professorun təklif etdiyi məbləğə dinməz-söyləməz razı oldu.

Bizim səfər üçün götürdüyümüz cihazlar yüzdərəcəli termometrdən, atmosfer təzyiqini ölçmək üçün manometrdən, istiqaməti təyin edən iki kompasdan, gecə müşahidə borusundan, saatı dəqiqliklə göstərən xronometrdən və elektrik işıqlandırıcısı rolunu oynayan iki aparatdan ibarət idi.

Silaha gəldikdə isə iki tüfəng və iki tapança götürdük. Ancaq mən fikirləşirdim ki, bunlar nahaqdır, vəhşi heyvanlardan qorxmağa dəyməz. Lakin dayım daha ehtiyatlı idi.

Alətlərimiz isə toxadan, külüngdən, yüngül nərdivandan, baltadan, çəkicdən, xəncərlərdən və uzun kəndirlərdən ibarət idi.

Nəhayət, özümüzlə 6 aylıq qida ehtiyatı da götürdük. Bu siyahını içində tibbi ləvazimatlar olan dərman qutusu tamamlayırdı.

– Belə təchizat və ehtiyatla uzun səyahət bizi qorxuda bilməz, – dayım dedi.

Sonuncu axşam Fridriksonla səmimi söhbət etdik. O haradansa İslandiyanın mükəmməl xəritəsini tapıb gətirmişdi. Onu dayıma hədiyyə etdi. Bu hədiyyə professoru çox sevindirdi.

Səhərisi gün ev sahibi bizi qonaqpərvərliklə yola saldı.

Biz yola düşəndə hava buludlu idi. At belində səyahətə çıxmaq mənim kefimi açmışdı.

"Məni narahat edən nədir? – deyə düşündüm. – Gözəl bir ölkəyə səyahət etmişik. İndi də dağa çıxırıq, ən uzağı vulkanın sönmüş kraterinə enəcəyik. Yerin mərkəzinə aparan yol isə uydurmadır. Tamamilə cəfəngiyyatdır".

Biz Reykyavikdən çıxan kimi Hans dənizin sahili boyunca gedən yola istiqamət aldı. Biz saralmış otlaqların arasıyla gedirdik. Uzaq dağların yamaclarında qarlı sahələr görünürdü. Bir müddətdən sonra isə yoxsul kəndli daxmaları bir-birini əvəz etməyə başladı. Bu mənzərələr olduqca darıxdırıcıydı, insanda qəmgin əhvali-ruhiyyə yaradırdı. Bəzi yerlərdə körfəz enlənir, dəniz dalğaları səs-küylə suyun içindən qalxan sıldırım qayalara çırpılırdı.

Professor harada gecələyəcəyimizi soruşdu. Hans qısaca:

– Qardarda, – deyə cavab verdi.

Mən xəritəyə baxıb gördüm ki, bu, Reykyavikdən dörd mil aralıda yerləşən kiçik bir kənddir. Ancaq oraya çatmağa hələ bir xeyli yol qalmışdı. Üç saatdan sonra dar bir boğazın sahilinə yetişdik. Buradan bərə ilə keçmək lazım idi. Biz, atlarımız və iki bərəçi kiçik yastıdibli bir gəmiyə rahatlıqla yerləşdik. Yarım saatdan sonra isə körfəzi keçib Qardara çatdıq.

Hava qaranlıqlaşmalıydı, ancaq məlumdur ki, iyun və iyul aylarında günəş İslandiyada batmır. Buna görə də işıqlı gecələr məni təəccübləndirmədi.

Lakin hava soyuq idi, mən isə daha çox acırdım. Biz on doqquz uşağı olan qonaqpərvər və yoxsul bir kəndlinin evində gecələməli olduq. Ev sahibi bizi island mamırından hazırlanmış supa və qurudulmuş balığa qonaq etdi. Sonra evin sahibəsi bizə küləş üstündə yer saldı. Yorulub əldən düşdüyüm üçün tez də yuxuya getdim.

Ertəsi gün yolumuza davam etdik. Torpaq əvvəlcə bataqlıq oldu, getmək çətinləşdi. Sağ tərəfdə saysız-hesabsız dağ silsilələri uzanırdı. Bəzi yerlərdə kiçik çayların dayaz yerlərindən keçməli olurduq. Bu yerlər kimsəsiz idi. Amma qəfildən qarşımıza kabusa bənzəyən qəribə bir adam çıxdı. Şişmiş başında bir dənə də olsun tük yox idi, əyninə geyindiyi cır-cındırın altından iyrənc yaralarla dolu parıldayan dərisi görünürdü. O bizi görcək salam da vermədən cəld qaçmağa üz qoydu.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/zhul-vern/yerin-m-rk-zin-s-yah-t-68289826/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Konunq – qədim skandinavlarda əsilzadə və sərkərdə




2


Fut – 30,479 sm-ə bərabər ingilis uzunluq ölçüsü




3


Qaqara – Şimal dəniz quşu




4


Mil – coğrafi mil 7420 metrə bərabərdir.



Если текст книги отсутствует, перейдите по ссылке

Возможные причины отсутствия книги:
1. Книга снята с продаж по просьбе правообладателя
2. Книга ещё не поступила в продажу и пока недоступна для чтения

Навигация